Azərbaycanda əxlaq müfəttişliyi yaradılsın, açıq geyinənlər cəzalandırılsın - Şok təklif

25 Aprel 2024
Ehali
1472

"Tez-tez alt paltarında mahnı oxuyan müğənnicikləri və yaxud “manıs”ları görürük. Ciddi sənətçilər təəssüflər olsun ki, yavaş-yavaş onların təsiri altına düşməyə başlayırlar. Buna görə sənəti ilə yox, qeyri-adi paltarlarla insanları heyrətləndirməyə çalışırlar. Mən çoxdan təklif etmişdim ki, Azərbaycanda əxlaq müfəttişliyi yaradılsın. İstər toylarda, küçələrdə, istər telekanallarda belə qeyri-adi geyinənlər, gənclərin psixologiyasını pozan, onları indidən bədbəxt edən şəxslər varsa, onlara inzibati cəzalar verilsin".

Show.az xəbər verir ki, bu sözləri Metbuat.az-a açıqlamasında Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, yazıçı-kulturoloq Aydın Xan Əbilov deyib. Onun sözlərinə görə, telekanallarda ekspert qismində çıxış edən müğənnilərimiz və şou-biznes nümayəndələrinin geyindiyi açıq-saçıq paltarlar cəmiyyətin qəti etirazına səbəb olub:"Bir var ki, siz fərqli bir konsert keçirirsiniz, biletlərdə yaş həddi olur 16-dan yuxarı. Artıq ora öz ailəsi ilə gəlmək istəyən şəxs bilir ki, burada açıq-saçıq geyimlər ola bilər. Mahnılarda müəyyən senzuradan kənar, qeyri-etik danışıq tərzi və ya söyüşlər işlənər. Bir də var ki, el şənliklərində, toylarda, telekanallarda, hansı ki, bizim hər birimizin evinin içindədir. Burada erotika göstərmək, pornoqrafik elementləri özündə əks etdirən klipləri nümayiş etdirmək qadağan edilməli, ekspert kimi iştirak etdikləri verilişlərdə yaşına və özünə uyğun geyinməyən insanlara qadağa qoyulmalıdır".

Kulturoloq düşünür ki, insanlarımızın çoxu hələ də ziyafət gecəsinə necə geyinəcəklərini bilmirlər:

"Qadınlarımız cins şalvarla, kişilərimiz isə rəngarəng paltarda toya gedirlər. O cümlədən, sənətçilərimiz də toylarda, restoranlarda necə geyinmək, hansı addımlar atmaq lazım olduğunu bilmirlər ki, orada olan insanlar, içkili şəxslər ən azı həyacanlamasınlar, əsəbləri gərginləşməsin və həmin sənətçiyə hücüm etməsinlər. Biz dəfələrlə sənətçilərin döyülməsi, təhqir edilməsi ilə bağlı mətbuatda oxuyuruq.

Bunların səbəbkarı kimdir? Necə deyərlər, yaxşı at özünə qamçı vurdurmaz. Əgər siz özünüzü qeyri-adi aparmaq istəyirsinizsə, fərqli konsert verə bilərsiniz, klublarda belə geyimdə ifa edə bilərsiniz. Amma sənətçiləri də çox sıxmaq olmaz, toylarda əhalinin çoxu müğənnilərdən betər geyinir".